19 aprel 2026-ci il

Xəbərlər

BABƏK RAYONUNDA SAHİBKARLAR ÜÇÜN MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi üçün müraciətlərin qəbulu ilə bağlı analoji tədbir növbəti dəfə Babək rayonunda təşkil olunub.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin əməkdaşı Hüseyn Bəhrəmov açıb.

Tədbirdə Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Taleh Quliyev çıxış edərək sahibkarların diqqətinə çatdırıb ki, muxtar respublikada bu kateqoriyaya aid obyektlərin istismarına icazə verilməsi ilə bağlı müraciətlərin qəbulu istiqamətində bir sıra tədbirlər görülüb, ötən 9 ay ərzində 51 obyektə dair mülkiyyət hüququnu təsdiq edən sənəd hazırlanıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanına uyğun olaraq tikinti obyektlərinin istismarına sadələşdirilmiş qaydada icazə verilməsi üçün müraciət müddəti 1 yanvar 2026-cı il tarixdə başa çatır. Sahibkarlıq subyektləri ayrılmış müddətin başa çatmasını nəzərə alaraq mülkiyyət hüquqlarının qeydiyyata alınması prosesinə başlamaq üçün ən qısa zamanda aidiyyəti üzrə müraciət etməlidirlər.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarəti İdarəsinin əməkdaşı Həbib Kərimov sahibkarlara icazə ilə bağlı müraciət edilməsi qaydasını və istismara icazə verilməsi prosesinin mərhələlərini müfəssəl şəkildə izah edib.

Vurğulanıb ki, qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismarına icazə ilə bağlı aidiyyəti qurumlarda müvafiq prosedurlar yerinə yetirildikdən sonra mülkiyyət üzərində hüquqlar dövlət qeydiyyatına alınaraq hüquq sahibinə çıxarış verilir.

Sonra mövzu ilə bağlı sahibkarların sualları qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılıb.

Tədbirin sonunda qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi üçün müraciətlərin qəbulu prosesindən bəhs edən videoçarx nümayiş olunub.

Qeyd edək ki, analoji tədbirin muxtar respublikanın digər rayonlarında da təşkili nəzərdə tutulub.

19.04.2026