15 iyun 2026-cı il

Xəbərlər

“DAŞINMAZ ƏMLAK VƏ TORPAQ İDARƏÇİLİYİNDƏ İNSAN HÜQUQLARININ QORUNMASI” ÇƏRÇİVƏSİNDƏ MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

“İnsan Hüquqları Aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində “Daşınmaz əmlak və torpaq idarəçiliyində insan hüquqlarının qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Xidmətin və tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Xidmətin rəis müavini Nəcəfalı Nəcəfalıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edilib və bununla da insan hüquqlarının təminatı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis olunub.

Xidmətin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri Ruslan Rüstəmov “Vətəndaşların müraciətlərinə qanunvericiliklə baxılması” mövzusunda çıxış edərək vətəndaş məmnunluğunun artırılması, müraciətlərin qəbulu və icrasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən və bu istiqamətdə qarşıda duran vəzifələrdən bəhs edib.

Xidmətin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Hüquq sektorunun müdiri Bəhlul Hüseynov “İnzibati icraatda vətəndaş amili: qeydiyyat üzrə müraciətlərə baxılmasının insan hüquqları konteksində hüquqi aspektləri” mövzusunda çıxış edərək daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində hüquqi təminat mexanizmləri, mülkiyyət hüququnun müdafiəsi, hüquqi maarifləndirmənin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə iştirakçılarla mövzu ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

15.06.2026