Xəbərlər
ƏMLAK İDARƏÇİLİYİ SAHƏSİNDƏ İNNOVASİYALARIN TƏTBİQİ VƏTƏNDAŞ MƏMNUNLUĞUNA XİDMƏT EDİR
Daşınmaz əmlak iqtisadiyyatın mühüm sahələrindən biri kimi ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Son illər ölkəmizdə əmlak idarəçiliyi sahəsində mühüm yeniliklər həyata keçirilir. Əmlak idarəçiliyində müasir yanaşmaların tətbiqi məqsədilə vətəndaş məmnunluğuna xidmət edən funksional normativ-hüquqi baza formalaşdırılıb. Yeniliklərin tətbiqi şəffaflığı və xidmət keyfiyyətini artırmaqla yanaşı, əlçatanlığın təmin olunmasına və vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsinə hədəflənir. Məqsəd xidmətlərin şəffaf, sürətli və insan faktorundan asılı olmadan təqdim olunmasıdır.
Mövzuyla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin İnnovasiyalar və rəqəmsal inkişaf sektorunun müdiri Arzu Məmmədov bildirib ki, hazırda Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fəaliyyət istiqamətləri üzrə 52 adda elektron xidmət təqdim edir: “Göstərilən xidmətlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə vahid elektron platforma üzərindən təqdim olunur. Xidmətlərin vahid elektron platforma üzərindən təqdim olunması vətəndaşların və hüquqi şəxslərin xidmətlərə çıxış imkanlarının asanlaşdırılması, vaxt və resurslara qənaət, həmçinin idarəetmədə şəffaflığın artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Təqdim olunan elektron xidmətlər arasında daşınmaz əmlakın dövlət reyestrindən məlumatların əldə olunması, daşınmaz əmlakın qeydiyyatı, əmlak üzərində məhdudiyyət, yüklülüyün qeydiyyatı və ləğvi, eləcə də əmlak kalkulyatorundan istifadə ən çox müraciət olunan aktual xidmətlər sırasındadır”.
Arzu Məmmədov qeyd edib ki, artıq daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi və daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tamamilə elektron şəkildə həyata keçirilir: “Daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların həyata keçirilməsi zamanı notariat ofisləri əmlakın təsviri, üzərində qeydiyyata alınmış hüquqlar və yüklülüklər (məhdudiyyətlər) barədə məlumatları elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edirlər. Daşınmaz əmlaka hüquq əldə edən şəxsin ərizəsi hüquq müəyyənedici sənədlə birlikdə notariat ofisi tərəfindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində daşınmaz əmlakın elektron qeydiyyat sisteminə ötürülür. Hüquq sahibi daşınmaz əmlakla bağlı əməliyyat zamanı tələb olunan dövlət rüsumu və xidmət haqqı barədə məlumatı sistem tərəfindən göndərilən SMS bildirişi vasitəsilə əldə edir. Daşınmaz əmlak üzərində hüquqlar dövlət reyestrində qeydiyyata alındıqdan sonra çıxarış elektron imza ilə təsdiqlənir və hüquq sahibinin Elektron Hökumət Portalındakı şəxsi kabinetinəyerləşdirilir. Sistem avtomatik olaraq hüquq sahibinə çıxarışın əldə olunmasını özündə əks etdirən SMS bildirişi göndərir. Nəticədə, hüquq sahibi heç bir yerə getmədən, vaxt itirmədən və tamamilə rəqəmsal şəkildə daşınmaz əmlakına çıxarış əldə etmiş olur”.
Daşınmaz əmlaka dair çıxarışların elektron formada təqdim olunması sənədlərin itirilməsi və zədələnməsi risklərini aradan qaldırmaqla yanaşı, hüquqi və inzibati proseslərin daha sürətli və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradıb.
Əmlak idarəçiliyində rəqəmsal həllərin tətbiqi daşınmaz əmlak üzərində məhdudiyyət və yüklülüklərin qeydiyyatı və ləğvi proseslərinin daha operativ və effektiv şəkildə həyata keçirilməsinə imkan yaradıb. Elektron xidmətlər yalnız vətəndaşların və hüquqi şəxslərin vaxt və resurslarına qənaət etməklə kifayətlənmir, eyni zamanda idarəetmə proseslərinin şəffaflığını və səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Daşınmaz əmlak üzərindəki məhdudiyyət və yüklülüyün qeydiyyatı və ləğvi prosesləri tamamilə elektron formada həyata keçirilir. Vətəndaşlar və hüquqi şəxslər müraciətlərini elektron xidmətlər vasitəsilə təqdim edə, həmçinin qeydiyyat prosesinin bütün mərhələlərini real vaxt rejimində izləyə bilirlər. Qeydiyyat və ləğv prosedurlarının nəticələri də vətəndaşlara və hüquqi şəxslərə müvafiq olaraq elektron formada təqdim olunur.
Arzu Məmmədov əlavə edib ki, daşınmaz əmlakın qeydiyyatı zamanı ödəniləcək dövlət rüsumu və xidmət haqqı barədə əvvəlcədən məlumatlı olmaq hüquq sahibləri üçün əhəmiyyətlidir: “Əmlak kalkulyatoru hüquq sahiblərinə tələb olunan dövlət rüsumunu və xidmət haqqını öncədən dəqiq və operativ şəkildə hesablama imkanı təqdim edən etibarlı bələdçidir. Əmlak kalkulyatoru vasitəsilə çıxarışın alınması, texniki pasportun əldə edilməsi, daşınmaz əmlaka ünvan təyin edilməsi, ünvan məlumatlarının verilməsi və digər xidmətlərlə bağlı dövlət rüsumu və xidmət haqqını real vaxt rejimində hesablamaq mümkündür. Əmlak kalkulyatoru bütün əməliyyatların vətəndaşın istəyinə əsasən tezləşmə qaydası ilə aparılması zamanı tələb olunan əlavə xidmət haqqını da dəqiq şəkildə hesablamaq imkanı təqdim edir. Əmlak kalkulyatorundan istifadə etmək hüquq sahiblərinə əlavə vaxt qazandırır, qeydiyyat prosesində şəffaflığı və səmərəliliyi artırır”.
Əmlak idarəçiliyi sahəsində rəqəmsallaşma, elektron xidmətlərin və interaktiv platformaların tətbiqi həm vətəndaş məmnunluğunu artırır, həm də proseslərin şəffaf və operativ şəkildə aparılmasına imkan yaradır. Bu yeniliklər, sadəcə, texnoloji irəliləyiş deyil, həm də vətəndaşların hüquqlarına hörmət, onların vaxtına və rahatlığına dəyər verilməsi deməkdir.
19.04.2026