Xəbərlər
İKİNCİ AZƏRBAYCAN BEYNƏLXALQ İNVESTİSİYA FORUMUNDA NAXÇIVANIN İNVESTİSİYA İMKANLARI TƏQDİM OLUNUB
Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) işini yekunlaşdırıb.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən Forum müxtəlif ölkələri təmsil edən dövlət rəsmilərini, qlobal investorları, beynəlxalq maliyyə institutlarının, beyin mərkəzlərinin nümayəndələrini və biznes liderlərini bir araya gətirib.
“Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunan Forumda Azərbaycanın investisiya imkanları, Orta Dəhliz, sənaye və azad iqtisadi zonalar, rəqəmsal transformasiya və süni intellekt, enerji və yaşıl keçid, aqrobiznes, kapital bazarları, kritik xammal və iqtisadi təhlükəsizlik məsələləri müzakirə olunub.
Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard ABŞ dolları olan investisiya layihələrini əhatə edən 23 sənəd imzalanıb. Sənədlər süni intellekt, enerji, o cümlədən bərpa olunan enerji, tikinti, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su təsərrüfatı daxil olmaqla müxtəlif sahələri əhatə edir.
Bakı Enerji Həftəsi çərçivəsində elan edilmiş layihələr də nəzərə alınmaqla, planlaşdırılan birgə layihələrin ümumi dəyəri 16,7 milyard ABŞ dollarına çatacaq.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyevin də iştirak etdiyi Forum çərçivəsində həmçinin, muxtar respublikanın investisiya və ixrac potensialı, sənaye, logistika, yaşıl enerji və kənd təsərrüfatı imkanları tədbir iştirakçılarının diqqətinə təqdim olunub.
28.09.2026