Xəbərlər
SƏDƏRƏK RAYONUNDA SAHİBKARLARIN MAARİFLƏNDİRİLMƏSİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB
Sədərək rayonunda qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi üçün müraciətlərin qəbulu ilə bağlı keçirilən maarifləndirici tədbiri rayon icra hakimiyyətinin əməkdaşı Vüqar Süleymanov açıb.
Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Taleh Quliyev bildirib ki, ölkə başçısının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanının icrası istiqamətində cari ilin 9 ayı ərzində muxtar respublika üzrə Xidmət tərəfindən 51 qeyri-yaşayış təyinatlı obyektə mülkiyyət hüququnu təsdiq edən sənəd verilib.
Qeyd olunub ki, həmin kateqoriyaya daxil edilmiş obyektlərin istismarına icazə verilməsi ilə bağlı müraciət müddəti 1 yanvar 2026-cı il tarixdə başa çatır. Həmin müddətin başa çatmasını sahibkarlar nəzərə almalı və ən qısa zamanda aidiyyəti dövlət qurumlarına müraciət etməlidirlər.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarəti İdarəsinin əməkdaşı Həbib Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Tural Rüstəmli diqqətə çatdırıb ki, sözügedən Fərmanın icrası sahibkarlıq fəaliyyətinin rəsmiləşdirilməsinə, mülkiyyət sənədlərinin qeydiyyatı prosesinin sürətləndirilməsinə və tikinti sahəsində inzibati prosedurların sadələşdirilməsinə şərait yaradır.
Çıxış edənlər sahibkarlara qeyri-yaşayış obyektlərinə istismar icazəsi verilməsi ilə bağlı müraciətlərin qəbulu qaydaları, müraciət zamanı tələb olunan sənədlər, sadələşdirilmiş icazə mexanizmi barədə ətraflı məlumat veriblər.
Sonda iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
19.04.2026