Xəbərlər
ŞƏRUR RAYONUNDA SAHİBKARLAR ÜÇÜN MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB
Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi üçün müraciətlərin qəbulu ilə bağlı Şərur rayonunda keçirilən tədbiri rayon icra hakimiyyətinin əməkdaşı Məmməd Məmmədov açıb.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sektor müdiri Taleh Quliyev bildirib ki, ölkə başçısının “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14 iyun 2023-cü il tarixli Fərmanı qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin təhlükəsiz istismarının təmin edilməsi, tikinti sektorunun likvidliyinin artırılması, habelə vətəndaşların və sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu mühüm qərar daşınmaz əmlakın qeydiyyatı sahəsində həmin kateqoriyaya daxil olan qeyri-yaşayış sahələrinin sadələşdirilmiş qaydada sənədləşdirilməsinə, bu sahədə nəzarət tədbirlərinin daha effektiv aparılmasına əlverişli şərait yaradır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarəti İdarəsinin əməkdaşı Həbib Kərimov diqqətə çatdırıb ki, Fərmanın icrası istiqamətində görülən işlər, ölkəmizdə, o cümlədən muxtar respublikada şəhərsalma və tikintidə təhlükəsizlik qaydalarının pozulması kimi neqativ halların qarşısının alınması təhlükəsiz, istismara yararlı qeyri-yaşayış obyektlərinin sayına müsbət təsir göstərir.
Tədbirdə qeyd edilib ki, tikinti obyektlərinin istismarına icazə ilə bağlı müraciətlər son icra tarixi - 1 yanvar 2026-cı il tarixədək qəbul ediləcək. Bunu nəzərə alaraq, sahibkarlar tərəfindən ən qısa zamanda aidiyyəti dövlət qurumlarına müraciət edilməli, sənədləşmənin həyata keçirilməsi müəyyən edilmiş müddətdə başa çatdırılmalıdır.
Sahibkarlara sadələşdirilmiş icazə mexanizmi, sənədlərin təqdim olunması ardıcıllığı və müraciətlərə baxılması qaydaları ətraflı izah edilib.
Sonda mövu ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, sahibkarların suallarına aydınlıq gətirilib.
19.04.2026