Xəbərlər
XİDMƏTİN ƏMƏKDAŞLARI ÜÇÜN TƏLİMLƏR TƏŞKİL OLUNUB
Təlimlərdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Xidmətin tabeliyindəki qurumların əməkdaşları iştirak edib.
“Torpaq ehtiyatlarının səmərəli idarə edilməsinə dair müasir yanaşmalar” mövzusuna həsr olunan təlimi Xidmətin Torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sektorunun müdiri İntizar Həziyev keçib.
Təlimdə torpaq ehtiyatlarının uçotu, istifadəyə nəzarət və planlaşdırma proseslərində müasir yanaşmalardan ətraflı bəhs edilib. Torpaq idarəetməsi sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi, məlumatların vaxtında və düzgün toplanması, torpaq ehtiyatlarının planlı və məqsədyönlü idarə olunmasının əhəmiyyəti vurğulanıb.
Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin funksiyaları, torpaq sahələrinin uçotu və qeydiyyatı prosesində sistemin rolu, məlumat bazalarının idarə olunması qaydaları iştirakçıların diqqətinə çatdırılıb.
Xidmət əməkdaşlarının sistemin tətbiqi zamanı qarşılaşdıqları çətinliklər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.
İnsan resurslarının idarə edilməsi sektorunun müdiri Ruslan Həsənov isə əməkdaşlara “Xidmətdə kişi və qadınlara bərabər hüquqlar yaratmaqla gender bərabərliyinin təmin edilməsi” mövzusunda təlim keçib.
Təlim zamanı qadınların qərarvermə proseslərində, idarəçilikdə və ictimai həyatda iştirakının vacibliyi vurğulanıb. İştirakçılara gender bərabərliyi anlayışı, onun sosial və iqtisadi əhəmiyyəti, eləcə də ölkəmizdə qadın və kişilər üçün bərabər hüquq və imkanların təminatına dair qanunvericiliyin tələbləri barədə məlumat verilib.
Qeyd olunub ki, əməkdaşlar arasında gender bərabərliyinin qorunması yalnız qadınların deyil, bütövlükdə idarəetmənin inkişafına xidmət edir ki, bu da bərabərlik, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinin möhkəmlənməsinə öz töhfəsini verir.
Təşkil olunan təlimlər iştirakçıların mövzularla bağlı bilik və bacarıqlarının artırılması baxımından faydalı olub.
19.04.2026